İmişli PFK
Geri qayıt
4 iyn 2026Xəbər

“İmişli” PFK “Qələmlə Meydana” jurnalist müsabiqəsini elan edir

“İmişli” PFK “Qələmlə Meydana” jurnalist müsabiqəsini elan edir

“İmişli” peşəkar futbol klubu Azərbaycan milli mətbuatının yaranmasının, “Əkinçi” qəzetinin işıq üzü görməsinin 151-ci ildönümü münasibətilə “Qələmlə Meydana” jurnalist müsabiqəsinə start verir.

Müsabiqənin məqsədi idman jurnalistikasının inkişafına dəstək vermək, peşəkar media fəaliyyətini təşviq etmək və futbol mövzusunda keyfiyyətli jurnalist materiallarının hazırlanmasını stimullaşdırmaqdır.

Müsabiqədə Azərbaycan Respublikasının vətəndaşı olan və ya ölkədə rezident statusuna malik peşəkar jurnalistlər, rəsmi qeydiyyata malik KİV (dövri mətbu nəşrlər və onlayn media resursları) nümayəndələri, televiziya və radio əməkdaşları, idman blogerləri və podkast müəllifləri, jurnalistika fakültələrinin müəllim və tələbələri, eləcə də müstəqil müəlliflər (frilnas) iştirak edə bilərlər.

İştirakçılar “Mövsümün yazısı”, “Mövsümün video süjeti/reportajı”, “Mövsümün bloqu” və “Mövsümün podkastı” nominasiyaları üzrə müraciət edə bilərlər. Bundan əlavə, müsabiqə çərçivəsində “2025/2026-cı illər mövsümünün idman (futbol üzrə) jurnalisti” baş nominasiyası üzrə də qaliblər müəyyən olunacaq.

Yazılı və video materiallar Azərbaycan futbolunun tarixi, regionlarda futbolun inkişafı, uşaq və gənclər futbolu, qadın futbolu, inklüziv futbol mühiti, eləcə də 2027 FIFA U-20 Dünya Çempionatı kimi mövzuları əhatə etməlidir. Bloq və podkast nominasiyalarında isə mövzu məhdudiyyəti tətbiq edilmir.

Müsabiqəyə materialların qəbulu 6 iyul 2026-cı il saat 23:59-dək davam edəcək. Təqdim olunan işlər idman və media sahəsində tanınmış mütəxəssislərdən ibarət müstəqil münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

Qiymətləndirmə mövzunun aktuallığı, jurnalist peşəkarlığı, dil və üslub keyfiyyəti, ictimai fayda, eləcə də yaradıcı yanaşma meyarları əsasında həyata keçiriləcək.

Baş nominasiya üzrə qaliblər isə xüsusi səsvermə yolu ilə müəyyən olunacaq. Səsvermədə Azərbaycan Premyer Liqası klublarının nümayəndələri ( mətbuat katibləri, baş məşqçilər və kapitanlar), AFFA, PFL, Gənclər və İdman Nazirliyi, Futbolun İnkişafı Fondu və Futbol Veteranları İttifaqının təmsilçiləri iştirak edəcəklər.

Müsabiqə qalibləri pul mükafatları və xüsusi diplomlarla təltif olunacaqlar. “Mövsümün yazısı”, “Mövsümün video süjeti/reportajı”, “Mövsümün bloqu” və “Mövsümün podkastı” nominasiyalarında birinci yerin sahibinə 700 AZN, ikinci yerə 500 AZN, üçüncü yerə isə 300 AZN məbləğində mükafat təqdim olunacaq.

“2025/2026-cı illər mövsümünün idman (futbol üzrə) jurnalisti” baş nominasiyasında isə qaliblər müvafiq olaraq 1000 AZN, 700 AZN və 500 AZN pul mükafatına layiq görüləcəklər.

Qeyd edək ki, qaliblərin adları “İmişli” PFK-nın rəsmi media resurslarında 22 iyul 2026-cı il tarixində elan olunacaq.

Müsabiqəyə təqdim olunan materiallar orijinal olmalı, daha əvvəl və ya eyni vaxtda digər müsabiqələrə təqdim edilməməlidir. Video süjet və reportajların xronometrajı 10 dəqiqədən artıq olmamalıdır. Plagiat, saxta məlumatlar, müəllif hüquqlarının pozulması, etik normalara zidd və ya süni intellekt tərəfindən hazırlanmış materiallar, habelə müəyyən edilmiş xronometraj tələbinə uyğun olmayan materiallar qiymətləndirmədən kənarlaşdırılacaq.

Mükafatlandırma mərasiminin 24 iyul 2026-cı ildə keçirilməsi planlaşdırılır.

Müsabiqədə iştirak etmək üçün müraciətə aşağıdakı məlumat və sənədlər əlavə edilməlidir:
iştirakçının adı, soyadı və atasının adı;
şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi və FİN kodu ( və ya rezidentliyini təsdiq edən sənədin surəti);
Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi (VÖEN) (olduğu təqdirdə);
təmsil etdiyi media qurumunun və ya fəaliyyət göstərdiyi rəsmi media platformasının adı;
müvafiq ali təhsil müəssisəsini bitirməsini təsdiq edən sənədin (diplomun) surəti, tələbələr üçün isə tələbə vəsiqəsinin surəti;
aktiv əlaqə nömrəsi;
elektron poçt ünvanı;
təqdim olunan materialın mövzusu, dərc olunduğu internet resursuna keçid (link) və ya materialın elektron faylı.

Müraciət forması doldurulduqdan sonra müsabiqə materialı elektron qaydada media@imishlipfk.com elektron poçt ünvanına göndərilməlidir.

“İmişli” PFK idman jurnalistikası sahəsində fəaliyyət göstərən bütün media nümayəndələrini müsabiqədə iştirak etməyə dəvət edir.

Müraciət forması: https://forms.gle/5UdXYfGs6SZwtZpq7