İmişli PFK
Geri qayıt
29 iyl 2026Xəbər

Mundiala apardığım arzu

Mundiala apardığım arzu

Kanadada ilk gecəmi keçirirəm. Uzun yol yorğunluğu olsa da, yuxum gəlmir. Fikrim Bakıdadır, evdədir. Ən çox da futbolu dəlicəsinə sevən 10 yaşlı oğlum Emil yadıma düşür.
Emil FİFA akkreditasiyam təsdiqlənməmiş, mənim də mundiala gedəcəyim heç ağlıma gəlmədiyi günlərin birində yaxınlaşıb dedi:

– Ata, bilirsən ən böyük arzum nədir? Yəqin ki, həyata keçməyəcək. Mən Dünya Kuboku-2026-ya getmək istəyirəm.


Səsindəki ümidsizlikdən hiss olunurdu ki, xəyallarının gerçəkləşəcəyinə özü də inanmır…
Uşaqlara yalandan söz vermək olmaz. Mən də yalnız “Növbəti mundiala aparacam səni, Emil” deyə bildim.
…Kaş Emil də burda olaydı. Şəkli də yoxdu ki, tribunalarda onu yanımdaymış kimi göstərən bir video çəkib göndərim. Bəlkə sevinər.
Sabah Toronto stadionundakı ilk mundial matçına özümlə birlikdə Emilin arzusunu da aparacağam.
Toronto gördüyüm ən gözəl şəhərlərdən biridir. Burada 200-dən çox millətin nümayəndəsi yaşayır. Ümumilikdə isə Kanadada 250-dən artıq etnik qrup məskunlaşıb. Ən çox diqqətimi çəkən insanların bir-birinə və heyvanlara isti münasibətidi. Dinindən, dilindən, irqindən asılı olmayaraq hamı qarşısındakına hörmətlə yanaşır. 

Bir-birini tanımayan insanların gülümsəyərək salamlaşmasını, qucaqlaşmasını görmək adi haldır. Soyuq iqlimi ilə seçilən Kanadada insanlar xoşbəxtdir. Onların səmimiyyəti və mehribanlığı iqlimin sərtliyini artıqlaması ilə kompensasiya edir.

Kanada əsl idman ölkəsidir. Bunu statistika yox, küçələr sübut edir. Parklarda hər addımda futbol, basketbol və voleybol meydançaları görünür. 

Ontario gölünün sahili boyunca uzanan füsunkar mənzərəni seyr edə-edə tramvayla stadiona yollanıram. 

12 iyun, 2026. Bu gün Kanadada mundialın açılışıdı. Tarixdə ilk dəfə ağcaqayın yarpağı ölkəsi futbol üzrə dünya çempionatının final mərhələsinin bir matçına ev sahibliyi edəcək. 
Mundialın üç ev sahibi olduğundan hər ölkə öz açılış mərasimini keçirir. Toronto bayram abu-havasına bürünüb. 

39 il öncə, 1987-ci il iyulun 12-də Kanadada yeniyetmələr arasında dünya çempionatı start götürüb. Həmin turnirin final matçı isə iyulun 25-i məhz Torontoda baş tutub.

Finalda Nigeriyanı penaltilərlə udan SSRİ-nin heyətində Azərbaycan futbolunun 3 yetirməsi – Arif Əsədov, Vladislav Qədirov və Vladislav Lemiş də olub. Dünya çempionarına mükafatları futbol kralı Pele təqdim edib.
Futbolçularımızın Torontoda tarix yazmasından 39 il sonra mən bu gözəl şəhərdə mundialın açılışını görəcəm.
Stadionun ətrafında minlərlə azarkeş var. Hamı tarixə şahidlik etmək üçün gəlib.
Kanada – Bosniya və Herseqovina oyunu böyük maraq doğurduğundan tribunalarda boş yer tapmaq mümkün deyil. Qırmızı köynəklərin çoxluğundan meydan sahiblərinin azarkeşlərinin üstünlük təşkil etdiyi ilk baxışdan hiss olunur. Kanadalıların ən çox sevdiyi futbolçunu müəyyənləşdirmək çətin deyil. 19 nömrəli  “Davies” yazılmış formalar göz oxşayır. Kanada millisinin kapitanı, “Bayern”in qanaəsilli ulduzu Alfonso Devis ölkənin ən sevilən idmançılarındandı.

Bosniya və Herseqovina azarkeşləri də kifayət qədərdi. Onların əsas kumiri karyerası bitməmiş əfsanəyə çevrilən Edin Dzekodu.
Stadiondakı media mərkəzinə baş çəkirəm. Artıq heyətlər açıqlanıb. “Qarabağ”ın yeni qapıçısı Martin Zlomışliç ehtiyatdadı.

Mundiala yollandığımı bilən dostlarım, həmkarlarım o qədər təbrik mesajları yazıblar ki, hamısını oxuyub cavablandırmağa vaxt çatmır.

Okeanın o tayında keçirilən dünya çempionatının final mərhələsinə sadə bir azərbaycanlı jurnalistin getməsi heç də asan məsələ deyil. 

Media mərkəzində Efiopiyadan gəlmiş jurnalisti görürəm. Öz-özümə düşünürəm: görəsən, efiopiyalı həmkarım üçün bu yol daha çətin olub, yoxsa mənim üçün?

Düşüncələrimi möhtəşəm açılış mərasimi yarımçıq qoyur. Bir qədər sonra isə hakim ilk fiti səsləndirir.

Kanada bunadək dünya çempionatlarında cəmi iki dəfə – 1986-cı ildə Meksikada və 2022-ci ildə Qətərdə iştirak edib, bu turnirlərdə keçirdiyi altı qrup oyununun hamısında məğlub olub. 
Bosniya və Herseqovina ilə 1:1 hesablı heç-heçə “ağcaqayın yarpaqları”na dünya çempionatları tarixində ilk xalını qazandırmaqla yanaşı, pley-off yolunda da mühüm üstünlük verir.
Kanada – Bosniya və Herseqovina oyunundan paylaşım etdikdən sonra futzal millimizin sabiq üzvü, hazırda Kanada futzal yığmasında çalışan Elnur Qəmbərov yazır:

– Torontodasan, niyə demirsən? Görüşək.

Amma məni sabah tezdən başqa bir yolçuluq gözləyir. Türkiyənin mundialdakı ilk oyunu üçün Vankuver səfərinə yollanmalıyam.

Buna görə də, görüşümüzü sonraya saxlayırıq.

***

Vankuverdə bölüşülən hisslər


13 iyun 2026. Torontodan Vankuverə uçan təyyarədə əynində Türkiyə millisinin forması olan çoxlu sərnişin var. Əvvəllər bəhs etdiyim, amma adını yazmadığım ABŞ-də yaşayan dostum beş saatlıq uçuşdan sonra məni Vankuver Beynəlxalq Aeroportunda qarşılayır. Azərbaycanda futbolla maraqlananların çoxu Alik Adamsonu tanıyır. O, “Qarabağ”ın demək olar ki, bütün səfər oyunlarına gedir. Bizim dostluğumuz da təsadüf nəticəsində, Romanın küçələrində başlayıb. Alik “Qarabağ” azarkeşidir, əvvəlki yazılarımda bəhs etdiyim dostu Elnur Vəliyev – Adam Kaspi isə “Neftçi”nin. Uzun illərdir futbol meydanında və tribunalarda davam edən bu rəqabət okeanın o tayında öz yerini dostluğa verib. Kanadada mənə ən böyük dəstəyi də ölkəmizin iki rəqib klubunun azarkeşləri – Elnur və Alik göstərir. 
Alik mənimlə görüşmək və Türkiyənin oyununu izləmək üçün Bostondan Vankuverə gəlib. Aeroportun çıxışında türkiyəli qardaşlarla görüşürük. Milliyə dəstək üçün Avstraliyadan gələn yaşlı bir dayı ilə söhbət edirik.


– Neçə ildir “kenqurular ölkəsi”ndə yaşayırsınız?

Gülümsəyib cavab verir:
– Təxminən əlli ildir. Amma bu gün kimə azarkeşlik edəcəyim bəllidir.
Elə bizim də… Yaxşı ki, aeroportun qarşısında Aliklə selfi çəkdiririk. Çünki sonradan şəhərin ab-havasına elə qərq oluruq ki, hər şey yaddan çıxır. Alik deyir ki, türkiyəli azarkeşlər Conatan Rocers parkında toplaşıblar. Ora yollanırıq. Dünyanın müxtəlif ölkələrindən gələn yüzlərlə türk DJ müşayiəti ilə əsl futbol bayramı yaradır. 


Alik üçün Bakıdan gətirdiyim Azərbaycan bayrağını dostumun çiyinlərində görən türkiyəli azarkeşlər bizə yaxınlaşıb çox duyğulandıqlarını deyirlər.
BC Place stadionunun tribunalarında bayraqlarımız tez-tez gözə dəyir. Rəngarəng görüntülərə baxmayaraq, avstraliyalı azarkeşlərin say üstünlüyünü seçmək çətin deyil. Alik tribunada “Beşiktaş”ın məşhur azarkeşi Udi Neco ilə şəkil çəkdirir. 
Təəssüf ki, 13 iyun Türkiyə üçün nəhs günə çevrilir. “Ay-ulduzlular” Avstraliyaya məğlub olur və Vinçenzo Montellanın rəhbərlik etdiyi, böyük ümidlər bəslənən komandanın mundialdakı fiaskosunun əsası elə ilk oyunda qoyulur. Oyundan əvvəl söhbət etdiyimiz azarkeşlərin əksəriyyəti ən azı yarımfinal xəyalı qururdu. Mən də Arda Gülər, Kenan Yıldız, Hakan Çalhanoğlu və digər ulduzların yer aldığı heyətdən daha artığını gözləyirdim. 
Amma Andrey Arşavinin məşhur sözünü xatırlamamaq mümkün olmur: “Sizin gözləntiləriniz sizin problemlərinizdir…”
Oyundan sonra tanış olduğumuz türkiyəli azarkeşlərdən biri köks ötürərək deyir: 


– Kaş bu mundiala Türkiyənin əvəzinə Azərbaycan gəlmiş olaydı…
Fikrət Adıgözəllinin təbirincə desək, suyum süzülə-süzülə Torontoya qayıdıram.
Amma mundial bütün sürəti ilə davam edir. Bütün dünyanın gözü yenə Lionel Messi ilə Kriştiano Ronaldonun möhtəşəm rəqabətindədir. Çoxları yaşlı dahilər üçün ən azı daha bir dünya çempionatını arzulayır.
Turniri bizə maraqlı edən məqamlardan biri də debütant Özbəkistan millisidir. 2006-cı ildə kapitan kimi “Qızıl ilahə”ni başı üzərinə qaldıran, həmin il “Qızıl top”u qazanan Fabio Kannavaro həmyerlisi Vinçenzo Montella kimi bu mundialın ən uğursuz məşqçilərindən birinə çevrilir. “Sabah”ın yarımmüdafiəçisi Umarali Raxmonaliyevi son anda dünya çempionatının iştirak ərizəsinə salmayan italiyalı mütəxəssis sanki futbolçu kimi qazandığı şöhrəti məşqçi kimi xərcləyir.


Bu mundialda ən çox xoşuma gələn məqamlardan biri isə hakimlikdir. Demək olar ki, ideala yaxın idarəçilik var. İstər-istəməz öz-özümə düşünürəm: görəsən, bizim çempionatda da nə vaxtsa belə səhvsiz hakimlik görə biləcəyik?
Məni Messidən, Ronaldodan, mundialda hamıdan və hər şeydən çox maraqlandıran başqa futbolçu var – Kanada səfərimin əsas səbəbkarı, müstəqil Azərbaycan çempionatları tarixində ilk mundial iştirakçısı Roderik Miller. 


Elə ona görə də Torontoya dönürəm. Qarşıda məni Panama millisinin oyunları gözləyir.

Təqdim olunan bloq yazısı “Qələmlə meydana” jurnalist müsabiqəsinin “2025–2026-cı illər futbol mövsümünün bloqu (vloqu)” nominasiyasında I yerə layiq görülüb.

Müəllif
Anar Şabanoğlu
Sports.az saytının baş redaktoru